ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailə səfər edib.
Bu barədə Oxu.Az İsrail KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu, Vensin ABŞ vitse-prezidenti vəzifəsinə təyin edildikdən sonra İsrailə ilk səfəridir. Oktyabrın 20-də İsrail hökumətinin rəsmi nümayəndəsi Şoş Bedrosyan brifinq zamanı Vensin səfərinin bir neçə gün davam edəcəyini və bu çərçivədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün planlaşdırıldığını bildirib.
Yerli KİV-in bildirdiyinə görə, səfərin əsas məqsədi İsraili hərbi əməliyyatları bərpa etməməyə inandırmaq və atəşkəs rejiminə əməl olunub-olunmadığını yoxlamaqdır.
Qeyd edilir ki, ABŞ Administrasiyası HƏMAS-ın saxladığı qalan girovların qaytarılmasından sonra Netanyahunun Qəzzada yeni hərbi əməliyyatlara başlamağı planlaşdırmasından ehtiyat edir. Vensin səfəri bu addımın qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, iki həftə əvvəl İsrail və HƏMAS atəşkəs sazişi imzalayıblar. Razılaşma çərçivəsində İsrail HƏMAS tərəfindən saxlanılan 20 canlı girovu və 28 nəfərdən 13 nəfərin cəsədini alıb. Qalan 15 cəsədin təhvil verilməsindən sonra İsrail yüzlərlə fələstinli məhbusu, o cümlədən terror aktlarında iştirak edənləri azad buraxmalıdır. Bundan sonra tərəflər danışıqların ikinci mərhələsinə keçəcəklər.
Lakin razılaşmaya baxmayaraq, HƏMAS artıq atəşkəsi bir neçə dəfə pozub. ABŞ Prezidenti Donald Tramp təşkilata xəbərdarlıq edib ki, tələblərə əməl etməsə, İsrail hərbi əməliyyatları bərpa edəcək. Bu bəyanat Netanyahunun mövqeyini gücləndirib və müvafiq addımlar üçün ona əlavə imkan verib.