Amerika hərbçiləri Suriya və İraqda “İslam Dövləti” qruplaşmasının mövqelərinə yeni zərbələr endirib.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.
İki zərbə ikinci gün Suriyanın cənubi-qərbində yerləşən Deyr-ez-Zor şəhəri yaxınlığında olan mövqelərə endirilib. Nəticədə içində silah olan avtomobil məhv edilib, digər avtomobil isə zədələnib. “Sky News Arabia”nın verdiyi məlumata görə Aleppo rayonunda və İD Təll-əll-Abyadda olan komandanlıq məntəqələrinə də zərbələr endirilib. Bundan başqa İraqda Bağdadın şimali-qərbində yerləşən mövqelər də bombardmana məruz qalıb.
İD mövqelərinə endirilən zərbələrin ümumi sayı 194-ə çatıb, o cümlədən 16-sı Suriyada olub, Pentaqonda qeyd ediblər. “Tomahavk” raketlərin atılması və təyyarələrin havaya qaldırılması Qırmızı dəniz və Ərəb körfəzində yerləşən gəmilərdən həyata keçirilib. Əməliyyatlar Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəyi ilə aparılır.
Amerika HHQ müttəfiq ölkələrin dəstəyi ilə ilk dəfə olaraq sentyabr ayının 23-də “İslam dövləti” yaraqlılarının mövqelərini atəşə tutub. Nəticədə, Rakka şəhərində 30 yaraqlı və 8 dinc əhali, o cümlədən də 3 uşaq həlak olub. Bundan başqa aviazərbə nəticələrində Böyük Britaniyadan olan, islamçılar tərəfindən döyüşən yaraqlı həlak olub.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura üçüncü gün bəyan edib ki, islamçılara qarşı müharibə siyasi proseslə müşaiyət olunmalıdır. “İD qarşı təhlükəsizlik sahəsində sadəcə cavab tədbirləri azdır, eyni zmanda, hamı hətta Əsəd (Suriya prezidenti Bəşər Əsəd) də etiraf edir ki, siyasi proses də lazımdır".