İranda Mahşəhr neft-kimya xüsusi iqtisadi zonasına ABŞ və İsrail tərəfindən endirilən zərbə nəticəsində azı beş nəfər həlak olub, 170 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi yerli hökumət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərbələrin hədəfi xüsusi zonada yerləşən neft-kimya şirkətləri olub.
Xəsarət alan 170 nəfərə tibbi yardım göstərilib və onlar xəstəxanadan buraxılıblar.
ABŞ və İsrail İranın cənub-qərbindəki Mahşəhr xüsusi iqtisadi zonasında neft-kimya şirkətlərinə ən azı üç zərbə endirib.
Oxu.Az-ın "Fars" agentliyinə istinadən xəbərinə görə, bu barədə Xuzestan əyalətinin qubernator müavini məlumat verib.
"Saat 10:47-də (Bakı vaxtı ilə saat 11:17 - red.) Mahşəhr xüsusi neft-kimya zonasında üç zərbə endirilib və güclü partlayış baş verib. İlkin qiymətləndirmələrə görə, ABŞ və İsrailin Mahşəhrə hava hücumu nəticəsində "Fəcr-1" və "Fəcr-2", "Redjal" və "Amir Kabir" neft-kimya şirkətləri zərbəyə məruz qalıb", - deyə məlumatda bildirilib.
Qubernator müavini hesab edir ki, bu hücum nəticəsində mülki şəxslərin ölməsi və yaralanması ehtimalı çox yüksəkdir.