ABŞ-nin Virciniya ştatında yerləşən Midlburq şəhərinin sakinləri vitse-prezident Cey. Di. Vensin əhalisi təxminən 750 nəfər olan bu kiçik yaşayış məntəqəsinə köçəcəyi ilə bağlı yayılan xəbərlərdən narahat olduqlarını bildiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, siyasətçi ailəsi üçün yerli Vulver-Hill malikanəsinin ərazisində yerləşən əmlaklardan birini icarəyə götürüb.
Bildirilib ki, Cey. Di. Vensin kənd ərazisinə köçmək qərarı həyat yoldaşının dördüncü hamiləliyi, həmçinin ailənin uşaqları üçün daha sakit və məxfi həyat şəraiti yaratmaq istəyi ilə bağlıdır.
Lakin yerli sakinlər bu qərarın şəhərin gündəlik həyatına təsir göstərə biləcəyindən narahatdırlar. Onların fikrincə, yüksək vəzifəli dövlət rəsmisinin burada yaşaması təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə artırılmasına səbəb ola bilər.
Məqalədə qeyd olunur ki, sakinlər hökumət kortejlərinin, helikopterlərin və gücləndirilmiş mühafizə tədbirlərinin kiçik və sakit şəhərin adi həyat ritmini poza biləcəyindən ehtiyat edirlər.