Almaniyanın Daxili İşlər Nazirliyi naməlum pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirlərini nəzərdə tutan plan hazırlayıb.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, plan Federal Polisin dronlara qarşı mübarizə üzrə mobil bölmələrinin genişləndirilməsini nəzərdə tutur.
Həmin bölmələr strateji əhəmiyyətli obyektlərin - Berlin, Hamburq, Hannover, Düsseldorf, Köln, Leypsiq, Münhen, Frankfurt-Mayndakı və Ştutqartdakı aeroportların, dəmir yolu vağzallarının, eləcə də Almaniyanın paytaxtındakı hökumət məhəlləsinin yaxınlığında yerləşdiriləcək.
Kritik infrastruktur obyektlərini idarə edən şirkətlərə dronlardan qorunmaq üçün müstəqil şəkildə tədbirlər görmək hüququ veriləcək.
Plan çərçivəsində potensial terrorçuların və ya agentlərin izlənilməsi məqsədilə süni intellektdən istifadənin, xüsusilə vağzallarda quraşdırıla bilən üz tanıma və videonəzarət sistemlərinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, hakimiyyət orqanları kiberhücumlara cavab vermək üçün "Cyberdome" adlı milli sistem yaratmaq niyyətindədir. Söhbət hakerlərin dövlət qurumlarının və ya şirkətlərin sistemlərinə daxil olmaq cəhdlərini aşkar edən və onların qarşısını alan sistemdən gedir.