Almaniya kansleri Fridrix Merts Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 sammiti çərçivəsində Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə barışıq görüşü keçirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu görüş Mertsin BMT-nin COP30 iqlim konfransının keçirildiyi Braziliyanın Belem şəhəri barədə neqativ şərhlərindən sonra baş tutub.
"Braziliyada mənimlə birlikdə olan bəzi jurnalistlərdən orada qalmaq istəyənlərin olub-olmadığını soruşdum. Amma heç kim əl qaldırmadı. Onların hamısı olduğu yerdən Almaniyaya qayıtdıqlarına görə xoşbəxt idilər", - deyə kansler bildirib.
Onun bu fikirləri Braziliya prezidentini qəzəbləndirib. O, Mertsin sözlərini kobud və təkəbbürlü hesab edib.
Lula da Silva Mertsə Belemdəki bara getməyi, orada rəqs etməyi və şəhərin nə təklif etdiyini görmək üçün yerli mətbəxi sınamağı məsləhət görüb.