İsrail, ABŞ və bir sıra ərəb dövlətlərinin hərbi rəhbərləri Almaniyada qapalı görüş keçiriblər. Danışıqların əsas mövzuları İranla müharibə, Yaxın Şərqdəki vəziyyət və regional təhlükəsizlik məsələləri olub.
Oxu.Az "Axios" portalına istinadən xəbər verir ki, danışıqlar keçən həftə dağ-xizək kurortunda baş tutub.
İclasda İsrail, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misir nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, görüşün təşkilatçısı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper olub. CENTCOM konfransın keçirilməsi faktını təsdiqləyərək bildirib ki, ABŞ komandanlığı Yaxın Şərqdə təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını müzakirə etmək üçün səkkiz ölkənin yüksəksəviyyəli hərbi rəhbərlərini qəbul edib.
Görüşdə, həmçinin husilər ətrafındakı vəziyyət müzakirə olunub. Danışıqlarla tanış olan mənbənin bildirdiyinə görə, İsrail və Səudiyyə Ərəbistanı ABŞ-nin vasitəçiliyi ilə Ər-Riyada İran tərəfindən dəstəklənən qruplaşmanın hücumlarına qarşı mübarizədə yardımın mümkün variantlarını nəzərdən keçirirlər.