Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan Rusiyanın ölkə üçün təbii qaz qiymətlərini mümkün artırmasını "apokaliptik hadisə" kimi qiymətləndirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bunu mətbuat konfransında bildirib.
Qalstyan xəbərdarlıq edib ki, belə bir vəziyyət yaranacağı təqdirdə ölkə ikiqat mənfi təsirlə - inflyasiyanın artması və iqtisadi artımın zəifləməsi riskləri ilə üzləşəcək.
Ermənistan demək olar ki, tamamilə Rusiya qazından asılıdır. 2025-ci ildə "Qazprom" Ermənistana təxminən 2.7 milyard kubmetr xammal tədarük edib. Bundan başqa, "Qaz əvəzində elektrik enerjisi" proqramı çərçivəsində İrandan hər il təxminən 476 milyon kubmetr qaz daxil olur. Rusiyadan alınan qazın qiyməti 1 000 kubmetr üçün 177.5 dollar səviyyəsində müəyyənləşdirilib. Müqavilə 2026-cı ilin sonuna - 2027-ci ilin əvvəlinə qədər qüvvədədir.
Qeyd edək ki, mayın sonunda Rusiyanın energetika naziri Sergey Tsivilyov bildirmişdi ki, Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmanı davam etdirəcəyi təqdirdə 2013-cü ildə imzalanmış qaz, neft məhsulları və almaz tədarükü haqqında saziş dayandırıla bilər. İyul ayında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə deyib ki, Rusiya qazının qiymətinin artacağı təqdirdə Aİ Ermənistana yardım göstərməyə hazırdır.