Bu həftə Londonun prestijli rayonlarından birində qanı damarlarda donduran qətl hadisəsi baş verib. Bank işçisi Heri Klarensin evində onun üç uşağı: 3 yaşlı əkizlər Ben və Maks, eləcə də dörd yaşlı qızı Oliviya boğulmuş halda tapılıblar.
Oxu.Az Daily Mail-ə istinadən xəbər verir ki, uşaqların ölümündə şübhəli qismində onların anası 42 yaşlı Tanya Klarens saxlanılıb.
Bu gün məhkəmədə dörd uşaq anası səkkiz yaşlı qızı Taya ilə dincəlməyə Cənubi Afrikaya gedən, amma təcili şəkildə Londona qayıdan ərini görərkən ağlayıb.
Məhkəmənin qərarına əsasən Klarens may ayının 9-na qədər ilkin dinləməyə qədər nəzarət altında qalacaq.
Məlumata görə qətlin səbəbi uşaqların sağalmaz xəstəliklərinin olmasıdır – hər üçü kürək əzələ atrofiyasından əziyyət çəkirdilər, əlil idilər və yeniyetmə yaşına belə çatmayacaqdılar. Xəbər verilir ki, böyük qız sağlamdır.
Missis Klarens ömrünü əlil uşaqların qulluğuna həsr etmək üçün dizayner karyerasından imtina edib. Valideynlər hətta evlərini təmir edərək əlil uşaqlarının daha rahat yaşamaları üçün lift və panduslar quraşdırıblar.
Ailənin dostları deyib ki, uşaqlar müstəqil yeyə bilmirdilər onları yedizdirmək lazım idi. Bundan başqa, onlara hər saatda dərman preparatları vermək lazım idi. Ailənin qulluqçuları var, amma onlar gün boyu evdə qalmırlar. Ailə başçısı isə daima səfərlərdə olur. Bu səbəbdən də xəstə uşaqlara qulluq üzrə bütün ağırlıq missis Klarensin üzərinə düşürdü.
Ailənin dostları ikinci gün ailədən heç kimlə əlaqə qura bilmədikləri üçün polis çağırıblar.
Uşaqlar yataqlarında gecə paltarlarında idilər. İstintaq hesab edir ki, onlar boğularaq öldürülüblər.
Aliyə İsmayılzadə
www.oxu.az