Antaliyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan 64 yaşlı Azərbaycan əsilli Məcid Nuxiyevin cəsədi qaldığı evin şkafında asılı vəziyyətdə tapılıb.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Nuxiyevlə fevraldan bəri əlaqə yarada bilməyən ev sahibi mənzilin qapısını açıb və içəridən dəhşətli qoxunun gəldiyini hiss edib.
Bundan sonra ev sahibi məsələ ilə bağlı polisə zəng edib. Hadisə yerinə gələn polis Nuxiyevi elektrik naqili ilə şkafda asılı vəziyyətdə aşkar edib. Onun 5-6 gün əvvəl öldüyü təxmin edilir.
Mərhumun cəsədi araşdırılma üçün ekspertizaya göndərilib. Faktla bağlı prokurorluqda araşdırmalara başlanılıb.
Qeyd edək ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. Bir müddət əvvəl Nuxiyev qışda soyunaraq küçədə qarın üstündə uzanmışdı və fotoları sosial şəbəkələrdə yayılmışdı.
Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar. Habelə o, müsahibələrindən birində demişdi ki, Azərbaycandan bəzi deputatlar Ukraynaya əxlaqsız qadınlarla görüşmək üçün gəlir.
Samir İsayev
www.oxu.az