Argentinanın keçmiş prezidenti, korrupsiya işi üzrə cəza çəkən Kristina Fernandes de Kirşner ona çıxarılan hökmlə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət etdiyini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə keçmiş prezident rəsmi saytında yayımladığı açıq məktubda bildirib.
"Vətəndaşlıq borcumdan və həyatımı, fəaliyyətimi müəyyən edən dövlət institutlarına hörmətdən irəli gələrək, həmçinin məruz qaldığım qanunsuzluqlarla bağlı yaranan narazılıq səbəbindən bu gün BMT-nin İnsan Hüquqları Komitəsinə fərdi müraciət etdiyimi elan edirəm", - deyə Kirşner qeyd edib.
Onun vəkilləri mətbuat konfransında bildiriblər ki, məqsədləri komitənin bu iş üzrə prokurorların və Argentina hakimiyyət orqanlarının fəaliyyətinə hüquqi qiymət verməsinə nail olmaqdır.
Müdafiə tərəfi, həmçinin Kirşnerə tətbiq olunan dövlət vəzifələrində ömürlük işləmək qadağasının dayandırılmasını istəyib.
Vəkil Rafael Valim bildirib ki, komitənin qəbul edəcəyi qərar Argentina dövləti üçün icrası məcburi olan sənəd olacaq.
Qeyd edək ki, 2025-ci il iyunun 10-da Argentina Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin Kristina Fernandes de Kirşneri korrupsiya işi üzrə 6 il müddətinə azadlıqdan məhrum etməsi barədə qərarını qüvvədə saxlayıb. Məhkəmə, həmçinin onun dövlət vəzifələrində çalışmasını ömürlük qadağan edib.
Keçmiş prezidentin yaşı (hazırda 73 yaş) və həbsxanada keçmiş dövlət başçısı kimi üzləşə biləcəyi təhlükələr nəzərə alınaraq, məhkəmə cəzanın ev dustaqlığı ilə əvəz olunmasına qərar verib. Argentina Ali Məhkəməsi ölkə daxilində apellyasiya şikayətləri üzrə son instansiyadır.
Kristina Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrınadək Argentinanın prezidenti olub. O, 2019-2023-cü illərdə isə ölkənin vitse-prezidenti vəzifəsində çalışıb.
Xatırladaq ki, 2022-ci ilin dekabrında məhkəmə onu Santa-Krus vilayətində infrastruktur layihələrinin həyata keçirilməsi zamanı törədildiyi iddia olunan korrupsiya əməlləri ilə bağlı 6 il müddətinə azadlıqdan məhrum edib. Kirşner ittihamları qəbul etmir və özünü siyasi təqibin qurbanı hesab edir.