Donald Trampın Qrenlandiyaya dair iddiaları fonunda Avropa Komissiyası bu adaya maliyyə dəstəyini genişləndirməyi planlaşdırır. Avropa İttifaqının rəhbəri Ursula fon der Lyayen ABŞ-nin ilhaq ideyasını rədd edən yerli hökumət və Kopenhagenlə həmrəylik nümayiş etdirmək məqsədilə iki günlük səfərlə Nuuk şəhərinə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, fon der Lyayenin bərpaolunan enerji, peyk rabitəsi və faydalı qazıntıların hasilatı sahələrinə sərmayə yatırılacağını elan edəcəyi gözlənilir. O bu paketi "əhəmiyyətli" adlandırsa da, təfərrüatı açıqlamayıb. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə Avropa İttifaqı ilə tərəfdaşlığı daha da gücləndirmək niyyətində olduqlarını təsdiqləyib.
Xatırladaq ki, cari ildə Tramp Danimarkanın adanı qoruya bilmədiyini iddia edərək, Qrenlandiyanın ABŞ-nin nəzarətinə verilməsini tələb edib və bu, NATO və Avropa ilə münasibətlərdə böhrana səbəb olub. Avropalı rəsmilər isə vurğulayırlar ki, Qrenlandiya alyansın kollektiv müdafiə zonasına daxildir və Birləşmiş Ştatların onsuz da orada hərbi iştirakını artırmaq hüququ var.