Yaxın Şərqdə gərginliyin artması fonunda Avropada min kubmetr qazın birja qiyməti 1 000 dolları ötüb.
Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.
Belə ki, Niderlandın TTF habında oktyabr füçerslərinin dəyəri sentyabrın 10-da 4,04% artaraq "Forex" bazarındakı cari məzənnə nəzərə alınmaqla 1 MVt/saat üçün 82,45 avroya və ya 1 000 kubmetr üçün 1 006,2 dollara çatıb.
Qaz 2022-ci il dekabrın 22-dən bəri ilk dəfədir ki, 1 000 kubmetr üçün 1 000 dollarlıq həddən yuxarı ticarət olunur.
Avropada birja qaz qiymətləri Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və tədarük perspektivləri ilə bağlı narahatlıqların artması fonunda bahalaşır. Qaz böhranı Hörmüz boğazında gəmiçiliyin altı aydan çoxdur bağlı olması ilə əlaqələndirilir.
ABŞ, İsrail və İran arasında müharibə başladıqdan sonra boğazın demək olar ki, tamamilə bağlanması bazara mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20% azalmasına gətirib çıxarıb.