İspaniyanın Barselona şəhərində baş verən küçə iğtişaşları zamanı 100-ə yaxın şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kataloniya muxtar vilayətinin Daxili İşlər Departamentinin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Departament rəhbəri Nuria Parlon iğtişaşlarda təxminən 500 nəfərin iştirak etdiyini, nəticədə 14 obyektə zərər dəydiyini və 100-ə yaxın şəxsin saxlanıldığını bəyan edib.
"İlkin məlumatlara görə, saxlanılanların 25%-i yetkinlik yaşına çatmayanlar ola bilər", - deyə yerli hökumət orqanları dəqiqləşdirib.
Oktyabrın 24-ü axşam saatlarında sosial şəbəkələr vasitəsilə təşkilatlanmış yüzlərlə gənc Barselonanın mərkəzinə toplaşıb. Qara geyimli şəxslərin üstünlük təşkil etdiyi aksiya tezliklə talanlara, barrikadaların qurulmasına, yanğınlara və polislə toqquşmalara çevrilib. Kataloniyanın Daxili İşlər Departamenti bu iğtişaşların digər Avropa şəhərlərində keçirilən etiraz dalğası ilə birbaşa əlaqəli olduğunu ehtimal edir.
Baş verən insidentlər nəticəsində 10-a yaxın hüquq-mühafizə əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.