İspaniyanın Mülki Müdafiə İdarəsi yanğınlarla mübarizə üçün Avropa İttifaqından dörd ədəd xüsusi təyinatlı təyyarə ayrılmasını istəyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mülki Müdafiə İdarəsi Avropa İttifaqının mülki müdafiə mexanizmini (fövqəladə hallar üçün nəzərdə tutulmuş hərbi bölmə vasitəsilə) işə salır və yanğın ocaqlarının söndürülməsindən ötrü dörd ədəd hava nəqliyyatı vasitəsi tələb edir", - deyə Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.
Bildirilib ki, Avropanın çevik reaksiya proqramı çərçivəsində Yunanıstan edilən çağırışa artıq müsbət cavab verərək iki ədəd "Canadair CL-415" model təyyarə yollamağı təklif edib.
İspaniya Nazirlər Kabineti Madrid regionunun qərb ərazilərini əhatə edən və yaxınlıqdakı Avila əyaləti üçün ciddi təhlükə yaradan şiddətli meşə yanğınları ilə əlaqədar ölkə miqyasında fövqəladə vəziyyət rejimi tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.
Rəsmi mənbələrin məlumatına görə, yanğın təhlükəsinə görə Madriddə 10 mindən artıq sakin təhlükəsiz ərazilərə köçürülüb. Təbii fəlakətlə mübarizəyə 270-dən çox şəxsi heyət, 40-dək xüsusi yerüstü texnika və Hərbi Çevik Reaksiya Bölmələri (UME) cəlb olunub.
Bildirilir ki, bu cür yüksək səviyyəli fövqəladə vəziyyət nadir haldır. Ümummilli reaksiyanın üçüncü dərəcəsi sonuncu dəfə 2025-ci ildə kütləvi elektrik enerjisi kəsintisi baş verən zaman istifadə olunmuşdu.
Qeyd olunur, ölkə ərazisində hazırda meşə yanğınları davam edir. Onlardan ən genişmiqyaslısı Madridin şimalında 30 hektardan çox ərazini məhv edib.
Həmçinin yanğına görə iyulun 23-dən İspaniyada Madrid və Barselona arasında sürətli dəmir yolu xəttində hərəkət dayandırılıb.