Braziliyanın şimal-qərb regionunda yerləşən Akko ştatındakı məktəblərin birində silahlı insident qeydə alınıb.
Oxu.Az G1 portalına istinadən xəbər verir ki, hadisə nəticəsində təhsil müəssisəsinin iki əməkdaşı həyatını itirib. Bundan əlavə, bir məktəb işçisi ayaq nahiyəsindən, bir şagird isə baldırından odlu silahla yaralanıb.

Silahlı hücumu həyata keçirən şəxs həmin məktəbin 13 yaşlı şagirdi olub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yeniyetmənin bu addımı hansı səbəbdən atdığı hələlik bilinmir. Hadisə zamanı istifadə olunan odlu silahın sahibi olan qanuni qəyyum da polis tərəfindən nəzarətə götürülüb. Akko ştatının polisi faktla bağlı cinayət işi açıb və təhqiqat aparır.
Hadisə ilə əlaqədar ştat ərazisindəki bütün məktəblərdə tədris prosesi üç günlük dayandırılıb.