Fransalı jurnalist Nataşa Rey Fransa prezidentinin həyat yoldaşı Bricit Makrona qarşı böhtan işi üzrə Paris Apellyasiya Məhkəməsində məhkəmə prosesində qalib gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danglean "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Nataşa Rey Bricit Tronyo-Makron və Jan-Mişel Tronyenin əlbirliyi ilə ona qarşı qaldırılmış böhtan məhkəməsi prosesində qəti olaraq qalib gəlib", - deyə o bildirib.
2021-ci ilin dekabrında, Fransada keçiriləcək prezident seçkisinə bir neçə ay qalmış, özünü müstəqil jurnalist adlandıran Nataşa Rey "YouTube" platformasında yayımladığı videoda bir neçə ildir birinci xanımla bağlı araşdırma apardığını bildirib.
O iddia edib ki, Makronun qızlıq soyadı Tronyo olan və prezidentdən 24 yaş böyük məktəb müəllimi, həyat yoldaşı Bricit əslində Jan-Mişel adlı kişi kimi doğulub.
2024-cü ilin sentyabrında Paris məhkəməsi Reyi, həmçinin Reyin "YouTube" kanalında çıxış etdiyi Amandin Ruayı (əsl adı - Delfin Jögüss - red.) Bricit Makronu kişi adlandırdıqları üçün böhtana görə 13 500 avro cərimələyib.
2025-ci ilin iyulunda Paris Apellyasiya Məhkəməsi Bricit Makron və onun qardaşının Reyə qarşı qaldırdığı böhtan işi üzrə jurnalistə bəraət verib. Məhkəmə onun şərhlərinin əksəriyyətinin böhtanın hüquqi tərifinə uyğun gəlmədiyi qənaətinə gəlib. Bundan sonra Bricit Makronun vəkili qərardan Kassasiya Məhkəməsinə şikayət veriləcəyini bildirib.