Fransada mağazaların talan edildiyi və polis əməkdaşlarının çatışmadığı bir vaxtda Emmanuel Makronun həyat yoldaşının ailəsinə məxsus şirniyyat mağazasının qarşısında çoxsaylı polis qüvvələri yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu iddia ilə "Alliance" həmkarlar ittifaqı "X" sosial şəbəkəsində çıxış edib.
Həmkarlar ittifaqının yaydığı bəyanatda mağazanın qarşısında Fransa polisinin xüsusi bölməsinin yerləşdirildiyi bildirilib. Təşkilat polis qüvvələrinin ora göndərilməsi barədə əmri kimin verdiyinin, bunun hansı məqsədlə edildiyinin və digər obyektlərin mühafizəsinə necə təsir göstərdiyinin araşdırılmasını tələb edib.

Söhbət Amyen şəhərində yerləşən və 1872-ci ildə yaradılmış "Jean Trogneux" şirniyyat mağazasından gedir. Ailə biznesi xüsusilə badamlı makaronları ilə tanınır. Müəssisəni hazırda Bricit Makronun qardaşı oğlu Jan-Aleksandr Tronye və onun oğlu Jan-Batist idarə edirlər. Prezident cütlüyünün bu biznesdə payı yoxdur.
Makron hakimiyyətə gəldikdən sonra mağaza dəfələrlə hücumlara məruz qalıb. Ən ciddi hadisə 2023-cü il mayın 15-də pensiya islahatlarına qarşı keçirilən etirazlar zamanı baş verib. Mağazanı qorumağa çalışan Jan-Batist Tronye nümayişçilər tərəfindən döyülüb. O, başından, üzündən, dizindən və barmağından xəsarətlər alıb. Sonradan hücumda iştirak edən iki nəfər 12 və 15 ay müddətinə həbs cəzasına məhkum edilib, üçüncü şəxs isə bəraət alıb.
Fransa hakimiyyətinin ilkin məlumatına görə, oktyabrın 17-18-də baş verən iğtişaşlar zamanı ölkə üzrə təxminən 3 000 ticarət obyekti zərər görüb.