Arıqlama dərmanlarının populyarlığının artması səbəbindən son bir ildə Böyük Britaniya sakinlərinin ərzaq xərcləri təxminən 780 milyon funt sterlinq (1 milyard dollar) azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi istehlakçı məlumatlarının təhlili üzrə ixtisaslaşmış "Worldpanel by Numerator" şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya əsasən, il ərzində azı bir ailə üzvü GLP-1 aqonistləri əsasında arıqlama dərmanları qəbul edən ev təsərrüfatları adi illərlə müqayisədə 299 milyon ədəd daha az ərzaq məhsulu alıblar. Bundan əlavə, preparatı qəbul edənlər aclıq hissinin ümumilikdə azaldığını, şokolad və çips kimi məhsulların istehlakının isə aşağı düşdüyünü qeyd ediblər.
Şirkətlər və brendlər istehlakçıların dərman vasitələri ilə arıqlamaq istəyinin yaratdığı dəyişən tələbata uyğunlaşırlar. Məsələn, bu il "J Sainsbury" şəbəkəsi kiçildilmiş porsiyalarda yüksəkzülallı hazır yemək xəttini buraxıb, "Marks & Spencer Group" isə qida dəyəri artırılmış məhsullar təklif edir. Eyni zamanda, restoranlar və barlar da arıqlama dərmanlarının populyarlığını nəzərə alaraq yemək çeşidlərini dəyişə bilərlər.
Qeyd edək ki, araşdırmada Böyük Britaniyanın 11.5 mindən çox ev təsərrüfatı iştirak edib.