Cakartada törədilən silsilə partlayışlar nəticəsində 17 nəfər həlak olub, Al Jazeera telekanalı məlumat yayıb.
Oxu.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, terror aktının qurbanları sırasında beş polis var.
Məlumatda İndoneziyanın paytaxtında ümumilikdə yeddi partlayışın törədildiyi deyilir.
Daha öncə terror aktının iştirakçısı olan dörd nəfərin İndoneziya paytaxtında polislər tərəfindən saxlanıldıqları barədə məlumat yayılmışdı.
10:41
Cakartanın mərkəzində cümə axşamı hücum təşkil edən yaraqlılar şəhərin mərkəzində “Cakarta teatrı” adı ilə də tanınan “Qorizont” adlı binanın damını ələ keçiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə yerli polis nümayəndəsi Anton Çarliyan bildirib.
“Onların kimliyi müəyyən edilməyib, amma onlar “İslam Dövləti” (İŞİD) terror təşkilatına aid ola bilərlər, belə ki, biz daha öncə İŞİD-dən Cakartada “konsertlərin” planlaşdırıldığına dair ismarıclar almışdıq”, - Çarliyan bildirib.
O həmçinin polisdə cinayətkarları girov götürməsinə dair məlumatın olmadığını da bildirib.
“Qorizont” binası cinayətkarların bu gün qumbaradan və odlu silahdan istifadə edərək hücum etdikləri “Sarinah” ticarət mərkəzinin yaxınlığında yerləşir, hücum zamanı ən azı 5 nəfər həlak olub.
09:59
İndoneziyanın paytaxtı Cakartada silsilə partlayışlar baş verib, şəhərdə atışma səsləri eşidilir.
Oxu.Az xəbər verir ki, bu barədə yanvar ayının 14-də CNN Indonesia məlumat yayıb.
İlkin məlumata görə, altı partlayış yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 07:00) Cakartanın mərkəzində baş verib, onlardan biri iri ticarət molu Sarinah yaxınlığında olub.
RT-nin məlumatına görə, partlayış nəticəsində polis bölməsi, BMT-nin İnformasiya mərkəzinin binasının girişindəki nəzarət keçid məntəqəsi və Starbucks kafesi zərər çəkib.
Reuters-in məlumatına görə, ən azı bir partlayışa kamikadze-terroristin aidiyyatı var. TASS İndoneziya KİV-nə istinadən beş ölü haqqında məlumat yayıb.
Sarinah ticarət mərkəzinin yerləşdiyi ərazidə hələ də atışma səsləri eşidilir. Bu ərazidə çoxlu sayda otel, xarici səfirliklər və ofislər yerləşir.
Atəşin kim tərəfindən açıldığı məlum deyil. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, CNN Indonesia məlumat yayıb. Sakinlərdən küçəyə çıxmamağı xahiş ediblər.