ABŞ hökuməti Rusiyanın Sietldəki baş konsulluğu üzərindəki Rusiya bayrağını götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiyanın ABŞ-dakı səfirliyinə istinadən məlumat yayıb.
“Bu gün gecə saatlarında Rusiyanın Sietldəki baş konsulluğunun binası üzərində olan Rusiya Federasiyasının dövlət bayrağı ABŞ hökuməti tərəfindən götürülüb.
Vaşinqtonun beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Rusiyanın dövlət rəmzinə qarşı atdığı bu addım qəbuledilməzdir”, - məlumatda deyilir.
Səfirlik əlavə edib ki, igamətgah Rusiyanın mülkiyyətidir və toxunulmazdır. Diplomatlar bayrağın dərhal qaytarılmasını tələb ediblər.
ABŞ Dövlət Departamenti bayrağın geri qaytarılacağını vəd edib.
Qeyd olunub ki, bayrağın endirilməsi ilə bağlı qərar diplomatik nümayəndəliyin öz statusundan məhrum edilməsi səbəbindən qəbul edilib.
“Vyana konvensiyasına əsasən, ABŞ tərəfi 2018-ci il aprelin 1-dən Rusiyanın Sietl şəhərində konsulluq müəssisəsinin yaradılması ilə bağlı razılığını geri götürüb.
Baş konsulluq statusunu itirdiyi üçün Rusiya bayrağının orada qalması əsassızdır”, - Dövlət Departamentindən bildirilib.
Xatırladaq ki, martın 26-da ABŞ hökuməti “Skripal işi” ilə əlaqədar olaraq, 60 rusiyalı diplomatı “persona non-qrata” elan edib, həmçinin, Rusiyanın Sietldəki konsulluğunu bağlayıb.
Rəylər