Suriyada gedən döyüşlərdə “Cəbhət ən-Nüsrə Əhl əş-Şam” qruplaşmasının liderlərindən biri – “Əbu Həmzə əl Məsri” adı ilə tanınan Məhəmməd Əbu Abbas öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Göstərilən mənbəyə əsasən, Əbu Abbas “Əbu Dahu” hərbi aerodromunun yerləşdiyi rayon uğrunda Suriya ordu qüvvələri ilə qruplaşma üzvləri arasında gedən döyüşlərdə həlak olub.
Məhəmməd Əbu Abbas hüquq üzrə Misirdə ali təhsil alıb. Bakalavr dərəcəsi aldıqdan sonra Əfqanıstan və Pakistanda Əl-Qaidə qruplaşmasının sıralarında döyüşüb. Sonradan Misirə qayıdıb. Suriyada vətəndaş müharibəsi başlayan zaman ölkəyə gələrək, “Cəbhət-ən Nüsrə” qruplaşmasının bölmələrindən birini formalaşdırıb.