İsveçrənin Cenevrə şəhərində Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair üçtərəfli danışıqların ilk günü başa çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, görüş altı saatdan çox davam edib.
Danışıqlar "InterContinental" hotelində keçirilib. İsveçrənin xarici işlər naziri İqnasio Kassis yalnız danışıqların açılış hissəsində iştirak edib. Görüşlər hər iki gün jurnalistlər üçün qapalı formatda keçiriləcək, buna görə ilk günün yekunlarına dair ciddi xəbərlər gözlənilmir.
CNN-in məlumatına görə, ABŞ tərəfdən danışıqlarda prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə yanaşı, ABŞ-nin ordu naziri Den Driskoll və NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Aleks Qrinkeviç iştirak ediblər.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Heyətdə onunla yanaşı, xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov daxil olmaqla 15-20 nəfər yer alıb.
Ukrayna tərəfdən danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov və onun müavini Sergey Kislitsa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey İqnatov, hakim "Xalqın xidmətçisi" partiyasının fraksiya rəhbəri David Araxamiya və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitski çıxış ediblər.
Danışıqların sonuncu raundu 4-5 fevral tarixlərində Əbu-Dabi şəhərində keçirilib.
Cenevrədə (İsveçrə) Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb.
Danışıqların iki gün davam edəcəyi gözlənilir.
Üçtərəfli danışıqların əvvəlki mərhələsi 4-5 fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutub.