Cənubi Koreyanın Milli Müdafiə Naziri An Gyu Bak ölkə hökumətinin Şimali Koreya (KXDR) ilə sərhədyanı zonada yaşayan sakinlər üçün məhdudiyyətləri yumşaltmaq planlarını açıqlayıb.
Oxu.Az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.
Nazirin sözlərinə görə, ordu sıralarında şəxsi heyətin azalması fonunda gələcək təhlükəsizlik tələblərinə uyğunlaşmaq və əməliyyat imkanlarını qorumaq məqsədilə Mülki Nəzarət Xəttinə (CCL) yenidən baxılması üçün müvafiq layihə hazırlanıb.
Hazırda rəsmi Seul mülki əhalinin girişinə qadağa qoyulan ərazilərin miqyasını kiçiltməyi hədəfləyir. İki dövləti ayıran Hərbi Demarkasiya Xəttindən (MDL) 10 kilometr cənubda yerləşən Mülki Nəzarət Xəttinin təqribən 6 kilometr şimala doğru sürüşdürülməsi nəzərdə tutulur. Nəticədə, vətəndaşların sərbəst hərəkəti üçün əlavə 270 kvadratkilometr ərazi açılacaq.
Bununla yanaşı, müdafiə qurumu fərdi inşaat işlərinə şərait yaratmaq üçün qonşu Məhdud Mühafizə Zonasındakı daha 450 kvadratkilometrlik ərazidə qadağaları ləğv etməyi düşünür. Bunlardan başqa, Kanvondo əyalətinin sərhəd bölgələrində yerləşən 23 kənd və qəsəbədən hərbi əhəmiyyətini itirmiş köhnə obyektlərin sökülməsi planlaşdırılır. Bu tədbir, ilk növbədə, tank əleyhinə baryerlərin və digər müdafiə qurğularının yığışdırılmasını əhatə edir.