ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb.
O, dindar bir xristian olduğunu vurğulayaraq, sadəcə fizika qanunlarına əsaslanaraq izahı mümkün olmayan hadisələrin varlığını istisna etmədiyini diqqətə çatdırıb.
"Mən inanıram ki, mələk adlandıra biləcəyimiz xeyirxah ruhlar və eyni zamanda, pis ruhlar da mövcuddur. Mən UNO proqramına toxunmuşdum... Bu məsələni tam təfərrüatı ilə aydınlaşdırmaq üçün mütləq məxfilik dərəcəsinə malik informasiyalara çıxışımdan istifadə edəcəyəm", - deyə o qeyd edərək "bütün hadisələrin fizika çərçivəsində izah edilə bilməyəcəyini" önə çəkib.
Vens, həmçinin əlavə edib ki, aparılacaq araşdırmaların yekununda "həm müsbət, həm də qorxunc bir cavab"la qarşılaşması mümkündür.