Keçmiş gürcü naziri, sahibkar Kaxa Bendukidze Londonda 59 yaşında dünyasını dəyişib.
Bu barədə noyabr ayının 13-də Gürcüstanın “Pervoe radio”su bildirib, Oxu.Az xəbər verir.
İlkin məlumata görə, Bendukidze London otellərinin birində ürək tutmasından vəfat edib.
Bu yaxınlarda o, İsveçrədən müalicə keçdiyi kardioloji klinikadan qayıtmışdı.
Bendukidzenin ölümü barədə məlumatı “Komersant” nəşr evinin keçmiş baş direktoru Demyan Kudryavsev və jurnalist Olqa Romanova təsdiqləyiblər.
Kaxa Bendukidze keçmişdə Rusiyada bizneslə məşğul olub, “Birləşmiş maşınqayırma zavodları” Holdinginin təsisçisidir. “Qızılgül inqilabı”ndan sonra Gürcüstanın yeni prezidenti Mixail Saakaşvilinin dəvəti ilə respublika hakimiyyətinə daxil oldu.
O, iqtisadiyyat naziri vəzifəsini tutdu, sonra isə iqtisadi islahatlar naziri vəzifəsinə keçdi. Praktiki olaraq Gürcüstanda aparılan bütün islahatlar Bendukidzenin rəhbərliyi altında həyata keçirilirdi. Onu adətən Gürcüstanı dəyişən adam adlandırırdılar.
2008-ci ildə istefa verdikdən sonra Bendukidze bir müddət hökumət kanselyariyasına rəhbərlik etdi. 2014-cü ilin may ayında Ukrayna prezidenti Petr Poroşenkonun müşaviri təyin edildi.