Nepal ordusu Rasua dairəsində inşa olunan "Upper Trishuli" hidroelektrik stansiyasının tunelində güclü daşqın nəticəsində bloklanan 350 işçi və yerli sakini təxliyə edib.
Oxu.Az Nepal radiosuna istinadən xəbər verir ki, hərbçilər Bhote-Koşi çayında baş verən dağıdıcı daşqından sonra ərazidəki mürəkkəb hava şəraitinə və ciddi risklərə baxmayaraq, xilasetmə əməliyyatını davam etdiriblər.
Ordunun məlumatına görə, xilasetmə qrupları tuneldə hələ də qaldığı ehtimal edilən 100-dən çox insanın təxliyəsi üçün çalışırlar. Hərbçilər bütün insanların təhlükəsiz şəkildə çıxarılması üçün fasiləsiz fəaliyyət göstərirlər.
Qeyd edək ki, avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgələrində güclü daşqın baş verib. İlkin məlumatlara görə, daşqın Nepal-Çin sərhədində, "Rasuwagadhi" sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə qar və daş uçqununun baş verməsi nəticəsində yaranıb.
Nəticədə böyük həcmdə su, daş və palçıq çay boyunca ən azı 70 kilometr məsafəyə yayılaraq yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.
Son məlumatlara görə, 579 nəfərin cəsədi aşkarlanıb, 2 000-ə yaxın insan itkin düşüb, 4 400-dən çox şəxs isə xilas edilib.