ABŞ Prezidenti Donald Tramp Ağ Evin ətrafında helikopter meydançasının inşa edilməsi ehtimalını dəyərləndirir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilib ki, meydançanın qurulması prezidentin helikopterlə gediş-gəlişi zamanı Cənub çəmənliyindəki ot örtüyünün zədələnməsinin qarşısını almağa kömək edəcək. Qeyd olunur ki, əvvəlki "VH-3D Sea King" modelindən əhəmiyyətli dərəcədə güclü olan yeni "VH-92A Patriot" prezident helikopteri mühərrikləri və işlənmiş qaz vasitəsilə qazona zərər verə və torpağı yandıra bilər. ABŞ liderinin uçuşları üçün 2024-cü ildən etibarən bu helikopterdən istifadə olunsa da, o, indiyədək heç vaxt Cənub çəmənliyinə eniş etməyib.
Helikopter meydançasının inşası variantı "VH-92A"nın çəmənliyə təhlükəsiz enişi üçün modifikasiya yollarının axtarışının uğursuzluqla nəticələnməsindən sonra gündəmə gəlib. Bununla əlaqədar olaraq, helikopterin əvvəlki modeli planlaşdırıldığından daha uzun müddət istifadə ediləcək və ən azı 2027-ci ilə qədər istismardan çıxarılmayacaq. Hazırkı ABŞ lideri prezident iqamətgahını öz zövqünə uyğun olaraq fəal şəkildə yenidən qurmaqla məşğuldur. O, Ağ Evin Şərq qanadının yerində dəyəri 200 milyon dollardan çox olan bal zalının inşasının təşəbbüskarı olub, Qızılgül bağındakı qazonun biçilməsi və rəqs üçün əraziyə parket döşənməsi barədə göstəriş verib, eləcə də bir sıra otaqlarda dekorasiyanı dəyişdirib.