Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ABŞ və İran nümayəndələrinin danışıqlar prosesində çox yaxşı bir gün keçirdiklərini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri Los-Anceles şəhərindən yola düşməzdən əvvəl mətbuat nümayəndələri ilə söhbətində deyib.
"Onlar çox yaxşı bir gün keçirdilər, danışıqlar uğurla baş tutdu. Düşünürəm ki, müqavilə bağlamaq müdrik addım olardı. Nə baş verəcəyini görəcəyik ", - deyə Tramp qeyd edib. O, Tehranla əlaqələrdə böyük irəliləyişin əldə edildiyinə inandığını diqqətə çatdırıb.
Bundan başqa ABŞ prezidenti açıqlamasında onu da bildirib ki, İranın nüvə silahına sahib olmaqdan imtina etməsi rəsmi şəkildə təsdiqlənəcək.
"İran heç bir zaman nüvə silahına malik olmayacaq. Bu, rəsmi qaydada təsdiqini tapacaq", - deyə vurğulayıb.
Bundan əvvəl ABŞ-nin dövlət katibi Marko Rubio bildirmişdi ki, Birləşmiş Ştatların İranla apardığı danışıqlarda əsas məqsədi Hörmüz boğazında gəmiçiliyin normal fəaliyyətinin bərpa olunmasıdır. Onun sözlərinə əsasən, Tehranla gələcək müzakirələr İslam Respublikasının nüvə proqramı ətrafında cəmləşəcək.