Türkiyə prezidenti Abdullah Gül Hava Qüvvələri komandanlığında dövlət bayrağının endirilməsini kəskin tənqid edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, insident əhalinin əsasən etnik kürdlərdən ibarət olan Diyarbəkirdə baş verib.
“Bayraq türk xalqının dəyəridir, ölkənin müstəqillik yolunda qazandığı uğurları nümayiş etdirən birlik rəmzidir.
Bu və bunun kimi çirkin addım atanlar heç vaxt öz məqsədlərinə çatmayacaqlar”, - A.Gül vurğulayıb.
Xatırladaq ki, bayraq Diyarbəkirdə polislə münaqişə zamanı öldürülən Ramazan Boranın dəfnindən sonra, hakimiyyət əleyhinə düzənlənən aksiya zamanı bir yeniyetmə tərəfindən endirilib.
Qeyd edək ki, aksiya zamanı növbədə olan əsgərlər havaya atəş açmağı üstün tutublar, insana atəş açmayıblar. Belə ki, bayrağı endirən uşaq olub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bayrağın endirilməsinə aidiyyatı olan bütün şəxslərin üzə çıxarılması üçün hakimiyyət əlindən gələni edəcək.
“Bayrağı endirənin uşaq olması bizi maraqlandırmır. Buna səssiz qalmaq mümkün deyil. Bunun qarşılığı hökmən olacaq. Faktla bağlı istintaq başlatdıq. O uşağı oraya göndərən də bunun cavabını verəcək, orada vəzifəli olan əsgər və komandir də. Hamı bunun bədəlini ödəyəcək”, - Ərdoğan vurğulayıb.
Məsələnin böyüməsi ilə ölkənin bir sıra şəhər və rayonlarında bayraqla bağlı etiraz aksiyaları keçirilib. Gecə yarısınadək çəkən aksiyalarda yüz minlərlə vətəndaş iştirak edib.