Dünya İqtisadi Forumunun təsisçisi Klaus Şvab şəxsi evindəki iş otağında gizli dinləmə cihazı aşkar etdiyini bildirib. O, bununla bağlı Cenevrə polisinə cinayət işinin açılması üçün ərizə ilə müraciət edib.
Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, sözügedən cihaz Şvabın Cenevrədə, Forumun baş qərargahı yaxınlığında yerləşən evində tapılıb. 88 yaşlı Klaus Şvab şikayət ərizəsini naməlum şəxslərə qarşı verib. İlkin araşdırmalar göstərir ki, dinləmə cihazı böyük ehtimalla son üç il ərzində quraşdırılıb.
Dünya İqtisadi Forumunun əsasını qoyan və 50 ildən artıq ona rəhbərlik edən Klaus Şvab ötən ilin aprelində yaşı və istirahət etmək istəyi ilə əlaqədar istefaya gedib.
Bundan qısa müddət sonra Forum rəhbərliyinə daxil olan anonim məktub əsasında daxili təhqiqatın başladığı məlum olub. Məktubda Şvab ailəsinin xidməti vəsaitlərdən şəxsi məqsədlər üçün, o cümlədən dəbdəbəli istirahətlər üçün istifadə etdiyi iddia olunurdu. Şvab bu ittihamları qəti şəkildə rədd edib.