Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Azərbaycanın Cənubi Qafqazda pilotsuz uçuş aparatları (PUA) sahəsində ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı ölkə olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan həm müasir pilotsuz sistemlərin idxalı, həm də yerli istehsalın inkişafı istiqamətində imkanlarını ardıcıl olaraq genişləndirməyə davam edir.
Bu barədə "Geopolitical Monitor" nəşrinin "Dron silahlanma yarışı: Cənubi Qafqazda pilotsuz müharibənin inteqrasiyası" başlıqlı məqaləsində bəhs olunub. Məqalədə qeyd edilir ki, Azərbaycan son illərdə, o cümlədən "İtiqovan" kimi yerli istehsal olan bir sıra yeni pilotsuz sistemləri silahlanmaya qəbul edib.
Digər tərəfdən, Qafqaz Siyasətinin Təhlili Mərkəzinin direktoru Əhməd Əlili Commonspace.eu nəşri üçün yazdığı analitik məqalədə Ermənistanla Azərbaycan arasında sülh prosesinin uğurunun bir çox hallarda hazırda dəyişməkdə olan əlverişli beynəlxalq vəziyyətdən asılı olduğunu qeyd edib. Müəllifin sözlərinə görə, 2025-ci il ərzində analitiklərin diqqəti əsasən Ermənistan-Azərbaycan danışıqlarının məzmununa - Ermənistanda konstitusiya islahatlarına, sərhədlərin delimitasiyasına, nəqliyyat əlaqələrinin açılmasına və gələcək sülh müqaviləsinə yönəlib.