Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Ermənistan baş naziri Nikol Paşinyan "Telecom Armenia" və "AzerTelecom" şirkətləri arasında imzalanmış və internet magistralının Azərbaycandan tranzit keçməklə Ermənistana ötürülməsini nəzərdə tutan tarixi müqaviləni şərh edib.
"Vestnik Kavkaza" nəşri xəbər verir ki, hökumətin iclasında çıxış edən baş nazir ölkəsinin regional layihələrdən təcrid olunmaq siyasətinə son qoymalı olduğunu və bu tranzit xəttinin Ermənistan üçün strateji əhəmiyyət daşıdığını bəyan edib.
"Biz hər zaman bəyan edirik ki, Ermənistan regional tranzit qovşağına çevrilməlidir. Ölkəmizdən nə qədər çox qlobal axın keçərsə, iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Bu layihəyə qarşı çıxanlar, əslində, Ermənistanın daimi münaqişə dalanında və təcriddə qalmasını istəyənlərdir", - deyə N.Paşinyan bildirib.
Rumıniyanın "Business Talks" nəşrində dərc olunan məqalədə Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasətin ölkəni Avrasiya məkanında nüfuzlu "orta güc" dövlətlərindən birinə çevirdiyi vurğulanır.
Məqalədə qeyd olunur ki, Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, çoxtərəfli diplomatiya və beynəlxalq əməkdaşlıq təşəbbüsləri vasitəsilə təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sabitliyin və əməkdaşlığın təşviqinə mühüm töhfə verir.
Müasir beynəlxalq münasibətlər sistemində "orta güc" dövlətləri regional və qlobal proseslərə təsir göstərə bilən, müxtəlif beynəlxalq platformalarda fəal iştirak edən və diplomatik təşəbbüslərlə seçilən ölkələr hesab olunur.