Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Azərbaycan-Ukrayna əməkdaşlığı ötən həftə gündəm mövzular sırasında yer alıb.
"The Guardian" nəşri NATO sammiti ilə bağlı yayımladığı geniş bir materialında Azərbaycanın Ukrayna ilə əməkdaşlığa qatılan ölkələr sırasında olduğunu qeyd edib.
Məqalədə bu əməkdaşlıq Ukraynanın müdafiə sənayesi sahəsində beynəlxalq tərəfdaşlığının genişlənməsi kontekstində təqdim olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.
Ukraynanın "Pravda" nəşrinin yayımladığı xəbərə əsasən, Ukrayna prezidenti jurnalistlərlə onlayn formatda təmasında sualı cavablandırarkən NATO sammitində Azərbaycan və Türkiyəyə əməkdaşlığa görə təşəkkür etdiyini xatırladaraq bunu təkrar etmək istədiyini vurğulayıb.
"Azərbaycana təşəkkür etmək istərdim. Türkiyəyə də təşəkkür etmək istərdim. Biz müdafiə sferasında da işləməyə başlamışıq. Gəlin, mümkünsə, detallara varmayaq. Amma hər iki ölkə ilə əməkdaşlıqda kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə dərin təşəkkür edirəm", - o deyib.