Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən Samur-Abşeron kanalında 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanov batıb.
Hadisə şahidlərinin sözlərinə görə, yeniyetmə iyulun 12-də saat 16 radələrində kanalda üzmək istəyərkən suyun şiddətli axınına düşüb. Yaxınlıqdakı digər azyaşlılar onu xilas etməyə çalışsalar da, buna müvəffəq ola bilməyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Yeniyetmənin anası gözdən əlildir və o, övladı doğulduğu gündən onu görmək imkanından məhrum olub. Nənəsi Elnarə Şıxməmmədova göz yaşları içində bildirib ki, gözləri görməyən ana indi övladının həsrəti ilə yanır:
"Anası 16 ildir onun üzünü görə bilmir. İndi atasına deyir ki, "ay ata, balamı gətirin, heç olmasa əlimi sürtüm".
Xalası Elanə İsayeva isə ərazidə heç kimin olmadığını və uşağın köməksiz qaldığını qeyd edib:
"Uşaq on dəqiqəyə yaxın dəmirə tutunub qalıb, amma sonra su onu aparıb. Aidiyyəti qurumlardan xahiş edirəm ki, suyun səviyyəsini dayandırsınlar və onun cənazəsini bizə təhvil versinlər".
Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmisi Akşin Əlili bildirib ki, qurumun "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi dərhal xilasetmə işlərinə başlanılıb. FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hazırda Fərid Osmanovun batdığı ehtimal olunan istiqamətlərdə axtarışları davam etdirirlər.