"Telegram" 12 illik tarixi ərzində şəxsi yazışmaların bir baytını belə açıqlamayıb".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov öz bloqunda yazıb.
O xatırladıb ki, mesencer yalnız məhkəmə orderinin olduğu təqdirdə ehtimal olunan cinayətkarların IP-ünvanlarını və telefon nömrələrini açıqlayır. Bu, Avropa rəqəmsal xidmətlər qanununa uyğun olaraq edilir.
Durov, həmçinin 2024-cü ildə Fransada həbs olunduqdan sonra "Telegram"ın Avropa İttifaqının qanunlarına tabe olmağa başlaması barədə məlumatları da şərh edib.
"Dünən Fransanın bir qəzeti iddia etdi ki, keçən yay Fransada həbsim nəhayət "Telegram"ı Avropa qaydalarına tabe olmağa məcbur edib. Bu doğru deyil. "Telegram" həmişə Aİ qanunlarına riayət edib. Əvvəllər dediyim kimi, məxfi məlumatları açıqlayıb əsas insan hüquqlarını pozmaqdansa "Telegram" bazardan çıxmağı üstün tutar. Bəzi rəqiblərimizdən fərqli olaraq, biz məxfiliyimizi bazar payına dəyişmirik", - deyə o yazıb.
O həmçinin vurğulayıb ki, həbsindən sonra məhz Fransa polisi Avropa qaydalarına riayət etməyə başlayıb, çünki "Rəqəmsal xidmətlər haqqında" qanuna ("Digital Services Act", DSA) uyğun olaraq "Telegram"a qanuni sorğular göndərməyə başlayıb.