Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti bu ilin əvvəlindən bəri 28 milyard dollardan çox azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index"in oktyabr ayının sonuna olan məlumatlarında qeyd olunub.
Reytinqə əsasən, rusiyalı milyarderlər arasında sərvəti ən çox azalan şəxs "Nornikel" şirkətinin prezidenti Vladimir Potanindir. Onun varidatı ilin əvvəlindən 8/1 milyard dollar azalaraq 21.6 milyard dollara düşüb.
İkinci yerdə "Onexim" şirkətinin sahibi Mixail Proxorov qərarlaşıb. Onun sərvəti 4.86 milyard dollar azalaraq 10.8 milyard dollar təşkil edib. İlk üçlüyü isə sərvəti 3.8 milyard dollar azalaraq 10.4 milyard dollara düşən Mixail Fridman tamamlayır.
Dördüncü yerdə Sibir Kömür Enerji Şirkətinin (SUEK) təsisçisi Andrey Melniçenko qərarlaşıb. Onun sərvəti 2.8 milyard dollar azalaraq 17.4 milyard dollara düşüb.
Reytinqin beşinci və altıncı pillələrində "Telegram"ın həmtəsisçisi Pavel Durov və "LUKOIL" şirkətinin keçmiş vitse-prezidenti və həmsahibi Leonid Fedun yer alıblar. Durovun sərvəti 2.61 milyard dollar azalaraq 12.1 milyard dollara, Fedunun sərvəti isə 1.96 milyard dollar azalaraq 8.63 milyard dollara düşüb.
Sonrakı pillədə NLMK şirkətinin Direktorlar Şurasının sədri Vladimir Lisin qərarlaşıb. Onun sərvəti 1.75 milyard dollar azalaraq 21.2 milyard dollara enib.
Səkkizinci yerdə NOVATEK şirkətinin həmsahibi Leonid Mixelson gəlir. Onun sərvəti 1.14 milyard dollar azalaraq 23.8 milyard dollar təşkil edib.
Doqquzuncu pillədə USM holdinqinin təsisçisi Alişer Usmanov qərarlaşıb. Onun varidatı 914 milyon dollar azalaraq 17.3 milyard dollara düşüb.
İlk onluğu "Severstal" şirkətinin sahibi Aleksey Mordaşov tamamlayır. Onun sərvəti 515 milyon dollar azalaraq 27.8 milyard dollar təşkil edib.