İŞİD terrorçu qruplaşması Kabildə hərbi akademiyaya edilmiş silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az “RİA Novosti”yə istinadən məlumat verir ki, bu haqda Əfqanıstanın “1TV” telekanalı məlumat yayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında bir qrup yaraqlı Marşal Fəhim adına Milli Müdafiə Universitetinin binasına silahlı basqın edib. Təhlükəsizlik qüvvələri təhsil müəssisəsinə aparan yolları bağlayıb. Akademiyanın ərazisində atışma baş verib, partlayış səsləri eşidilib.
“Pajvak” agentliyinin məlumatlarına görə, silahlı toqquşmada beş əfqan hərbçi həlak olub, 10 nəfər yaralanıb. Akademiyaya hücum edən terrorçuların ümumilikdə beş nəfər olduğu bildirilir.
Atışmanın gedişində terrorçulardan dördü öldürülüb, biri saxlanılıb. Əməliyyatın başa çatdığı bildirilir.
Xatırladaq ki, bundan iki gün əvvəl (yanvarın 27-də) Kabilin Vəzir Əkbər Xan adlı diplomatik məhəlləsində minalanmış təcili tibbi yardım maşını partladılıb. Hadisə nəticəsində 103 nəfər həlak olub. Terror hücumuna görə məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.
09:32
Əfqanıstanda bir qrup yaraqlı paytaxt Kabilin hərbi akademiyasına hücum edib. Hazırda terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma gedir. Binanın ərazisində partlayış səsləri eşidilir.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Kabil şəhər rəhbərliyi səhər saatlarında bir qrup naməlum silahlının Marşal Fəhim adına Milli Müdafiə Universitetinə basqın etdiyi faktını təsdiqləyib.
Hal-hazırda təhlükəsizlik qüvvələri akademiyaya aparan bütün yolları bağlayıb. Zərərçəkənlər və itkilər barədə məlumat yoxdur.