1914-cü ildə Paris yaxınlığında dünyaya göz açan Lui de Fünes hələ uşaqlıq illərindən ətrafındakı insanların davranışlarını və mimikalarını təqlid edərək gələcək sənət yolunun təməlini qoyub. Çətinliklərlə dolu gənclik illərində müxtəlif peşələrdə çalışan və uzun müddət yalnız epizodik rollarla kifayətlənən aktyor, 44 yaşında əsl şöhrətə qovuşub.
Onun həyatında dönüş nöqtəsi 1942-ci ildə tanış olduğu və ömrünün sonunadək ən böyük dayağına çevrilən həyat yoldaşı Janna ilə qurduğu möhkəm ailə bağı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
1958-ci ildə "Ovlanmayıb, oğurlanmayıb" filmindəki parlaq oyunu ilə milyonların qəlbini fəth edən sənətkar, ardınca "Fantomas" və "Jandarm" silsiləsindən olan ekran əsərləri ilə dünya şöhrəti qazanıb.
Səhhətindəki problemlər səbəbindən iş tempini azaldan aktyor ömrünün son illərini ailəsi ilə birlikdə Klermon qəsrində keçirməyə üstünlük verib. 1983-cü ildə 68 yaşında vəfat edən Lui de Fünes özündən sonra minlərlə insanın sevgi ilə xatırladığı zəngin və ölməz bir kino irsi qoyub.