Bu gün çox vacib mövzulara toxunduq. Regionumuz adətən çox gərgin vəziyyətdə olur. Bu mövzular barədə danışdıq. Çox təəssüf ki, ticarət əlaqələrimiz istədiymiz səviyyədə deyil. İki ölkə arasında olan ticarət daha çox İranın xeyrinədir və biz yeni addımlar atmaq istəyirik.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşündə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
Ərdoğan qeyd edib ki, bu gün ölkəsi ən bahalı qazı İrandan alır.
“Bu məsələni həll etməliyik. İki dost ölkə arasında bu mövzunun həlli tələb olunur. Qarşılıqlı ticarət dövriyyəmiz 30 milyard dollara çatmalıdır”, - deyə, o, bildirib.
Bölgədəki vəziyyətdən danışan Ərdoğan bildirib ki, “bu qana, bu ölümə birlikdə son qoymalıyıq”.
“Bir-biri ilə vuruşanları birləşdirməliyik. İraqda minlərlə insan öldü, Suriyada yüz minlərlə insan öldü. Mən insanları şiə yaxud sünni deyə fərqləndirmirəm, mən insanlığa qiymət verirəm. Bizlər birlikdə qan tökülməsini necə dayandıra biləcəyimiz barədə düşünməliyik”, - deyə, Türkiyə prezidenti qeyd edib.
Ərdoğan həmçinin iki ölkəni qarşılıqlı ticarəti milli valyutada aparmağa səsləyib:
“Nə qədər dollar və avro asılılığında qalacağıq? Biz başqa valyutalardan asılı olmalı deyilik. İranın milli valyutası ilə Türkiyənin milli valyutası qarşılıqlı ticarətdə istifadə olunsun. Bu mövzu daha əvvəllər də mərkəzi banklarımız tərəfindən qaldırıldı, görüşlər keçirildi, amma hələ də irəli addım atılmayıb”, - deyə, o, bildirib.