Türkiyə dövləti terrorçulardan, sözdə siyasətçi, sözdə vətəndaş cəmiyyəti qrupunun təmsilçisi olan, lakin terrorçuları dəstəkləyən şəxslərdən şəhidlərin qisasını almaq gücündədir. Burada hər-hansı geriyə addım atmaqdan söhbət belə gedə bilməz.
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfəri öncəsi bildirib.
Ərdoğanın sözlərinə görə, “bu millətin və dövlətin səbrini tükəndirənlər qısa bir zamanda layiq olacaqları cəzanı alacaqlar”.
“Şəhərlərimizdə, kəndlərimizdə, bu ölkənin hər santimetrində dövlət var. Dövlət öz varlığını bütün imkanlarını səfərbər etməklə göstərəcəkdir.
NATO-nun Ankarada keçirilən iclasına toxunan Ərdoğan, “NATO-nun üzərinə düşən addımı atacağını bəyan edəcəyinə inanıram” deyib:
“NATO-ya üzv hansısa bir ölkənin hücuma məruz qaldığı təqdirdə NATO ona hər bir dəstəyi göstərəcək. Bu gün hücuma məruz qalan Türkiyədir və biz özümüzü qorumaq, müdafiə etmək hüquqlarımızdan istifadə edirik, sona qədər də istifadə edəcəyik.
Bu mövzuda beynəlxalq hüquqdan qaynaqlanan bütün haqlarımızdan istifadə edirik və etməyə davam edəcəyik. Demək istədiyimiz odur ki, burada NATO-nun üzərinə düşə biləcək tapşırıqlar da ola bilər, ona görə də, NATO-dan bu mövzuda hazır olmağı tələb edirik”, - deyə, o, bəyan edib.