Ermənistanın və erməni kilsəsinin tarixində ilk dəfə olaraq bütün ermənilərin katolikosu, eləcə də Ali Ruhani Şuranın altı üzvü cümə günü məhkəmədə hakim qarşısına çıxacaq.
Bu barədə Oxu.Az "İnterfaks"a istinadən xəbər verir.
Bütün ermənilərin katolikosu II Qareginə və altı yepiskopa qarşı açılmış cinayət işi üzrə ilkin dinləmələrin avqustun 7-də yerli vaxtla saat 15:00-da Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiyalı birinci instansiya məhkəməsində keçirilməsi planlaşdırılıb.
Cari ilin fevral ayında Ermənistanın Baş Prokurorluğu tərəfindən bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət işi başlanıb. Onun ölkəni tərk etməsinə qadağa qoyulub.
Sözügedən cinayət işi sabiq din xadimi Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq ittihamı əsasında açılıb. Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəyə qarşı kampaniyasına qoşulan yepiskop Saroyan katolikosun sərəncamı ilə ölkədəki yeparxiyalardan birinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, Ali Ruhani Şuranın qərarı ilə isə yepiskop rütbəsindən məhrum edilib.
Saroyan vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət etdikdən sonra məhkəmə icraçıları Erməni kilsəsinə onun fəaliyyətinə mane olmağı qadağan ediblər. Bunun ardınca İstintaq Komitəsində məhkəmə aktının icra edilməməsi faktı üzrə cinayət işi qaldırılıb.
Bir müddət öncə ruhanilərin maraqlarını müdafiə edən vəkil Ara Zöhrabyan dövlətin katolikosun qərarlarına müdaxiləsinin kilsənin muxtariyyətinin, dövlət və kilsə arasındakı konstitusiya münasibətlərinin, eləcə də etiqad azadlığına dair fundamental prinsipin kobud şəkildə pozulması olduğunu bəyan etmişdi.
Güclü Ermənistan və Ermənistan müxalifət parlament fraksiyalarının nümayəndələri cümə günü parlamentin iclasında iştirak etməyəcəklərini və Katolikosa və yepiskoplara dəstək olaraq məhkəmə iclasında iştirak edəcəklərini bildirdilər.