Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb.
Oxu.Az bu barədə "Sputnik Ermənistan" saytına istinadən xəbər verir.
Beqlaryan iyunun əvvəlində həbs edilib. İyulun əvvəlində məhkəmə artıq onun həbs müddətini iki ay uzatmışdı.
Daha əvvəl keçmiş nazirə qarşı 27 daşınmaz əmlak obyektini qanunsuz mənimsəmə və dövlətə təxminən 5.7 milyon dollar ziyan vurma ittihamı ilə cinayət işi qaldırılıb.
Bundan əlavə, Beqlaryana qarşı çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı bir sıra epizodlar üzrə də ittihamlar irəli sürülüb.