Avqustun 30-da Şimali Kiprin Girnə sahillərində baş verən sərnişin gəmisi qəzasından sonra itkin düşən 19 nəfərdən daha birinin cəsədi aparılan axtarış-xilasetmə işləri zamanı tapılıb.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
Onun sözlərinə görə, qəza nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Qeyd edək ki, itkin düşənlərdən birinin meyiti sentyabrın 2-də tapılmışdı.
* Kiprdəki dəniz faciəsi ilə bağlı həbslər başladı - Batma anının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
* Batan bərədə Azərbaycan vətəndaşları da olublar
* Kiprdə batan sərnişin gəmisi ilə bağlı proses başladı: İki Azərbaycan vətəndaşı məhkəməyə çıxarıldı
Xatırladaq ki, Şimali Kipr Türk Respublikasındakı Girnə limanı ilə Mərsindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisinin avqustun 30-da günorta saatlarında Girnədən yola düşdükdən qısa müddət sonra ön hissəsindən göyərtəsinə su dolmağa başlayıb. Gəmi Girnə limanına qayıtmağa çalışarkən aşıb.
Hadisə nəticəsində 241 nəfər xilas edilib, səkkiz nəfərin cəsədi tapılıb və itkin düşən 20 nəfərin axtarışına başlanılıb. Həmçinin batmış gəminin qalıqlarının Girnə sahillərində 550 metr dərinlikdə olduğu bildirilmişdi.
Qeyd edək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra kapitan və digər ekipaj üzvləri ilə birlikdə hadisə ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq məhkəməyə çıxarılıblar. Hadisə ilə bağlı istintaq davam edir.