Kiprin şimal sahillərində baş vermiş qəza ilə bağlı aparılan araşdırma çərçivəsində "FiloJet" bərəsinin kapitanı da daxil olmaqla səkkiz nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə TRT telekanalı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin sözlərinə istinadən məlumat yayıb.
"Xilasetmə-axtarış işlərinin davam etdirilməsi ilə yanaşı, bu fəlakətin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Gəminin kapitanı və ekipajın yeddi üzvü həbsə alınıb. Açıq şəkildə bəyan etmək istəyirəm ki, bu insidentin hər bir aspekti araşdırılacaq. Hətta ən kiçik səhlənkarlıq belə müəyyən ediləcək", - deyə telekanal Ünal Üstelin sözlərini sitat gətirib.
"Kipr sahillərində batan bərənin kapitanı və ekipajı batma təhlükəsini nəzərə almayıb və sərnişinləri kifayət qədər xilasedici jiletlə təmin etmədən gəmini tərk ediblər".
Oxu.Az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin nəqliyyat naziri Erhan Arıklı "AHaber" telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, qəza nəticəsində batan bərə tamamilə suyun altında qalıb və hazırda 514 metr dərinlikdə yerləşir.
Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ünal Üstel daha əvvəl faciə nəticəsində ölənlərin sayının yeddi nəfərə çatdığını açıqlayıb. Xilasedicilər sudan 237 nəfəri çıxarıblar, daha 23 nəfərin axtarışları davam edir.
Sağ qalan sərnişinlər bildiriblər ki, gəminin ekipajı batma təhlükəsinə məhəl qoymayıb. Onların sözlərinə görə, kapitan və matroslar sərnişinləri taleyin ümidinə buraxaraq bərəni tərk ediblər. Bundan başqa, gəmidə xilasedici jiletlərin sayı kifayət qədər olmayıb. Bu səbəbdən uşaqlar və yaşlı sərnişinlər oturacaqların altında gizləniblər.
Gəmi Girne şəhərinin sahilindən təxminən 2,5 kilometr aralıda çevrilib. Bərənin göyərtəsində 259 sərnişin və səkkiz ekipaj üzvü olub.
Məlumata görə, gəmi Türkiyənin Taşucu limanına yollanırmış. Reys daha əvvəl dənizdə güclü fırtına səbəbindən ləğv edilmişdi.
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfərin olduğu katamaran tipli gəmidə baş verən insident nəticəsində azı altı nəfər həlak olub.
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel bildirib.
Onun sözlərinə görə, indiyədək 172 nəfər xilas edilib.
Baş nazir əlavə edib ki, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Şimali Kipr sahillərindən dörd mil aralıda göyərtəsində 260 sərnişinin olduğu sərnişin gəmisi batıb.
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, gəmi naməlum səbəbdən çevrilib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Hazırda mümkün tələfat barədə məlumat yoxdur.
Şimali Kipr Türk Respublikasının (ŞKTR) hakimiyyət orqanlarının məlumatına görə, insident yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da - red.) baş verib.
Katamaran tipli gəmi Girne limanından Taşucu şəhərinə doğru hərəkət edirmiş.