İsrail Hərbi Hava Qüvvələrinin avqustun 18-də Suriyanın Əbu əd-Duhur aviabazasına endirdiyi zərbədən sonra iki ölkə arasındakı təmaslar tamamilə dayanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani "Reuters" agentliyinə müsahibəsində bildirib.
Əş-Şeybani qeyd edib ki, İsrail aviazərbəni məhz Suriya tərəfinin həmin bazada Türkiyə qüvvələrinin yerləşdirilməyəcəyini aydın şəkildə bəyan etməsindən sonra endirib.
"Biz xüsusilə Suriyanın təhlükəsizliyinə davamlı olaraq təhdid yaradan bir ölkə ilə təmasların zəruri olduğunu düşünürük. Lakin bu təmaslar heç bir nəticə vermirsə, onlara ehtiyacımız yoxdur", - deyə XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, hazırda Suriyada İsrailə qarşı heç bir etimad qalmayıb.
Nazir əlavə edib ki, iki ölkə arasında təhlükəsizlik sazişi üzrə danışıqlar hələ mart ayında - İranla münaqişə kəskinləşdikdən sonra dayandırılmışdı. Diplomatın sözlərinə görə, tərəflər 2026-cı ilin əvvəlinə qədər kağız üzərində, demək olar ki, bütün məsələləri - o cümlədən Suriyaya zərbələrin dayandırılmasını və İsrail Müdafiə Ordusunun (SAHAL) Bəşər Əsəd rejiminin devrilməsindən sonra tutduğu ərazilərdən çıxarılmasını razılaşdırmışdılar. Lakin İsrail sonradan bu sazişdən yayınmağa çalışıb.
"Biz onlarda sazişə nail olmaq üçün real iradə görmədik", - deyə Suriya XİN rəhbəri bildirib.
Bununla belə, o, danışıqların tezliklə bərpa olunacağına ümid etdiyini vurğulayıb.