Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əsədin ipi kimin əlindədir?
Kubra Məhərrəmova yazır...
Bütün dünya tabloidləri, politoloq və ekspertləri Suriyada baş verənləri təhlil etməyə çalışarkən, hadisələrin hara və necə inkişaf edəcəyi barədə fikirlər irəli sürməyə davam edərkən Əsəd ailəsinin Moskvada ən azı 19 elit mənzilə malik olması üzə çıxdı.
Bundan əlavə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsədin Lomonosov adına Moskva Dövlət Universitetində təhsilini başa vurub və fərqlənmə diplomu alması da gözdən yayınmadı.
Özü də Hafiz yaman fərasətli uşaq çıxıb deyəsən. Ya da ondan məqsədyönlü şəkildə bu obrazı yaratmağa çalışırlar. Belə ki, Hafiz müxtəlif illərdə dünyada keçirilən riyaziyyat olimpiadalarında iştirak edib. Bu baxımdan onun Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alması da məntiqli görünür.
Moskvanın Bəşər ailəsi üçün ehtiyatda olan aerodrom kimi əvvəlcədən müəyyən olunması isə artıq təəccüblü görünmür.
Bütün bu ssenarinin altında kimin imzası var?
Bir zamanlar "səhra çiçəyi", "Ərəbistanın ledi Dianası", "millət anası", "dəmir ledi" kimi müxtəlif ləqəblərə malik Bəşərin həyat yoldaşı Əsma Əsədin hakimiyyətin idarə olunmasında fövqəladə imkanlara malik olması üzə çıxır (təbii ki, keçmiş zamanda).
"Financial Times" yazır ki, Əsma Suriyada yaşanan vətəndaş müharibəsindən ən karlı çıxan şəxsdir. Belə ki, onun biznes imperiyası telekommunikasiya, bank, ticarət, daşınmaz əmlak kimi bütün vacib sahələri əhatə edirdi. Və Əsmanın icazəsi olmadan Suriyada heç bir biznes layihəsi baş tuta bilməzdi.
Bəs Əsma kimdir?
Əsma Londonda doğulub və orada da təhsil alıb. Bəşər Londonda göz həkimi ixtisası üzrə təhsil aldığı zaman Əsmayla elə orada tanış olur.
Əsmanın biznes bacarığı isə elə Londondan məlum idi. O, ABŞ-nin böyük banklarının birində "JP Morgan"da investisiya bankiri kimi çalışıb.
Onun karyerasında sonuncu iş yeri isə Suriyada prezident yanında iqtisadiyyat şurasının rəhbəri olub.
Hətta bəzi böyük biznesmenlər "indi bütün Suriya Əsmaya məxsusdur" deyə ifadə verirdilər. 2020-ci ildə Əsma Suriyanın ən varlı adamı, oliqarx eyni zamanda Bəşər Əsədin dayısı oğlu Rami Məhlufaya qarşı istintaq işlərinin başlanmasına əmr verir.
Uzun sözün qısası, yeganə rəqibini ev dustaqlığına göndərəndən sonra hakimiyyəti əlində cəmləşdirə bilir. Bəziləri isə bunu Rusiyanın köməyi və vasitəsilə həyata keçirtdiyini söyləyirlər.
Əsmanın əsas məqsədi hakimiyyətin bütün eşelonlarını üç övladı arasında bölüşdürmək olub.
Onu da qeyd edək ki, Suriyada son 25 il ərzində İran və Rusiyanın maraqları mütəmadi olaraq toqquşub. Suriyaya milyardlarla yatırım edən İranın Əsmayla hansı münasibətlərdə olması da qeyri-müəyyəndir.
Əsəd devriləndən sonra İran parlamentinin keçmiş deputatı Bəhram Parsayinin paylaşımı xeyli suallar doğurdu.
Bəhram Parsayi qeyd edir ki, zamanında İran Bəşər Əsədə 30 milyard dollar borc verib. Daha sonra isə sual verir ki, bəs bu borcu kim qaytaracaq?
İndi isə daha maraqlı sual yaranır. İran özü illərdir sanksiyalar altında iqtisadi cəhətdən o qədər də güclü olmadığı halda 30 milyard dolları haradan tapıb və onu Əsədə necə verib? Və nəyin qarşılığında?
Ölkəyə gələn bütün pulların isə Əsmanın əlində cəmləşdiyini nəzərə alsaq, bu pulların Suriyadan Moskvaya uçan təyyarədə səyahət etməsi daha real görünür. Müxtəlif insayder məlumatlarına görə Suriyadan Rusiyaya dəfələrlə təyyarələr vasitəsilə tonlarla dollar və avro daşınıb. Sonuncu məlumatda 2 ton ağırlığında olan vəsaitin daşındığı bildirilir.
İranın isə həmin 30 milyard dollardan əlini üzməsi isə artıq faktdır. Çünki Əsma xanımın Moskvanın ən elit yaşayış komplekslərində mənzillər və digər daşınmaz əmlak alması barədə sübutlar mövcuddur.
Bundan əlavə bir neçə il əvvəl Əsmanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi zaman, onun müalicə üçün məhz Rusiyaya üz tutması haqqında xüsusi xidmət orqanlarının məlumatı var.
Deyilənə görə Əsma yenidən xərçəng xəstəliyindən əziyyət çəkir. Bu dəfə onun qan xərçənginə tutulması barədə məlumat yayılıb. Bunun blef, yoxsa həqiqət olması barədə isə dəqiq heç kim, heç nə deyə bilməz. Lakin ekspertlər deyirlər ki, Əsmanın əlindəki pulla istənilən xəstəliyə qalib gəlmək mümkündür.
Bilinən odur ki, Əsma ərini, varidatını və övladlarını Suriyadan rahatlıqla çıxararaq təhlükəsiz ölkəyə yerləşdirə bildi. Yadınızdadırsa, Əsma oğlunun diplom müdafiəsində də Moskvada idi. Yəqin əvvəlcədən ev-eşiyi qaydaya salmağa gəlibmiş.
Baxmayaraq ki, Əsmanın Suriya vətəndaşlığından savayı Böyük Britaniya vətəndaşlığı olsa da, ABŞ və Avropa ölkələrində ona qarşı sanksiyalar tətbiq edilib. Lakin bu, Əsmanın milyardlarının dünyanın bir sıra ölkələrində ofşor hesablarda yatırım, həmçinin Londonda bahalı mülklərin alınmasına mane ola bilməyib.
Elə bir müddət əvvəl, dekabrın 9-da Əsmanın atası Favaz Axrasın yenidən ABŞ tərəfindən sanksiya altına alınması barədə məlumat yayılıb. https://www.state.gov/accountability-actions-to-counter-global-corruption-and-human-rights/ . Bəşərin qayınatası Londonda kardioloq kimi fəaliyyət göstərsə də, onun əsas vəzifəsi Bəşər ailəsinin Londonda əldə etdiyi bahalı mülklərin adında saxlamasıdır. Elə sanksiyaya da "maliyyə, maddi və texnoloji yardım" göstərdiyinə görə düşüb.
Bu an üçün qayınatanın yeri barədə məlumat yoxdur. Kim bilir, bəlkə də Moskva ətrafında yerləşən elit yaşayış bağ evlərinin birində şad-xürrəm həyat sürür.
Heç kimə sirr deyil ki, Bəşər Əsəd və onun arvadının on minlərlə insanın həbsxanalara salınması, öldürülməsi və repressiyalara məruz qalmasında birbaşa əlləri var. Lakin indi yazacağım fakt daha qorxuncdur.
2024-ci ildə Bəşər Əsədin baş müşaviri Luna əl-Şibl avtomobil qəzasında dünyasını dəyişir. Müxtəlif ölkələrin kəşfiyyat məlumatlarına əsasən Luna həm də Əsədin sevgilisi olub. Bəzi KİV-də Luna "ikinci ledi" kimi də adlandırılır.
Fotodakı: Luna əl-Şibl
Luna və onun əri Əsəd ailəsinin milyonlarının xarici ölkələrdə yerləşdirilməsinə cavabdeh idi. Elə buna görə də ABŞ və Böyük Britaniya tərəfindən qara siyahıya salınmışdılar.
Bəşərin Luna ilə bu dərəcədə işgüzar və şəxsi əlaqələrinin olması təbii ki, Əsmanın xoşuna gəlmirdi və o beş il əvvəl Lunanı vəzifəsindən kənarlaşdırmağa çalışsa da, buna nail ola bilmir.
Lunanın yeganə problemi Əsma deyildi. Hizbullah və İran Lunanı Rusiya kəşfiyyatı üçün məlumatlar toplamaqda ittiham edirlər. Bu məlumat, xüsusilə, silah və sursat anbarlarının yerləşdiyi yerlərə və iranlıların Suriya ərazisindən hərbi əməliyyatlar keçirməyə hazırlığına aid idi.
İsrail kəşfiyyatı isə qeyd edir ki, Luna, əri və qardaşı Rusiyaya qaçmağa hazırlaşıblar ki, bunun üçün hətta Soçidə villa da əldə ediblər. Lakin Lunanın qəfil "ölümü" onların planlarını alt-üst edib.
Lunanın ölümündə Əsmanın əlinin olub-olmamasını isə özünüz düşünün.
Bu an üçün Əsmanın vəziyyəti Çauşevski və onun arvadına, Səddam Hüseyn və onun arvadına baxanda heç də pis deyil. Etdiyi və sübut olunmuş cinayət və repressiyalara, milyonlarla maliyyə maxinasiyalarına baxmayaraq özünü və ailəsini təhlükəsiz yerə çatdıra bildi. Əlində yenə də nağd milyonlarla dollar və avrolar var.
Ailənin məhz Əsma tərəfində ölkədən Rusiyaya çıxarılması iddiası Bəşərin qaçmazdan əvvəl zabitlərə dedikləri daha da gücləndirir.
Suriya Prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl zabitləri toplayaraq onlara bəyan etmişdi ki, Rusiya Suriyaya yardım edəcək.
Əsəd hərbçiləri Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandıraraq quru qüvvələrini mövqelərini saxlamağa çağırmışdı.
Bu gün zabitlər iddia edirlər ki, Bəşər Əsəd ölkədən qaçmağını doğma qardaşı 4-cü zirehli diviziyaya komandanlıq edən Mahir Əsəddən belə gizlədibmiş.
Bəlkə də Bəşərin heç xəbəri yox idi ki, Əsma Moskvada samovar qaynadıb ərinin yolunu gözləyir.
Rəylər