Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib.
Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyatı adından respublikaya göndərilib və iki ölkə arasındakı mürəkkəb münasibətlərə baxmayaraq Parisdə işləyirdilər. Fransa hakimiyyəti onların ölkədəki mövcudluğunu "ikitərəfli əməkdaşlığın olmaması" səbəbindən daha çox əsassız hesab edib.
Fransanın Niameydəki səfirliyi hələ 2024-cü ilin yanvar ayının əvvəlində bu ölkədə hakimiyyətə prezident Əbdürrəhman Tçiani gəldikdən sonra bağlanıb. O vaxtdan bəri Tçiani dəfələrlə Parisi və bütünlükdə Avropa İttifaqını Saheldəki silahlı qruplaşmaları dəstəkləməkdə günahlandırıb. Nəşr qeyd edir ki, eyni zamanda, Niger səfirliyi Parisdə fəaliyyətini davam etdirir.