Fransa polisi aqressiv nümayişçiləri dağıtmaq məqsədilə ilk dəfə parlaq və pulsasiyaedici işıq zolaqları ilə təchiz olunmuş qalxanlar tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
"Vigi-Police" həmkarlar ittifaqının baş katibi Jerom Jiqo qeyd edib ki, bu vasitə diskoteka üçün nəzərdə tutulmuş güzgülü şarı xatırladır: "Ona uzun müddət baxdıqda insan narahatlıq hiss etməyə başlayır".
Onun sözlərinə görə, belə üsul zorakılığa əl atmadan, etirazçıların gözünü qamaşdıraraq və onların oriyentasiyasını pozaraq kütlənin irəliləyişinin qarşısını almağa imkan verir.
Bununla belə, o, parlaq işıqların epilepsiyadan əziyyət çəkən insanlarda tutmalara səbəb ola biləcəyini də etiraf edib. Bəzi fəallar və deputatlar isə bildiriblər ki, bu güclü işıqlar jurnalistlərin və adi vətəndaşların polisin fəaliyyətini foto və videoya çəkməsinə mane olur.
Nəşrin məlumatına görə, həmin gün oxşar avadanlıqlar ilk dəfə istifadə olunub. Hazırda Fransada bu vasitə hələ də sınaq mərhələsindədir və indiyə qədər yalnız "Brav-M" bölməsi tərəfindən sınaqdan keçirilib. Yaxın vaxtlarda onun iğtişaşların yatırılması üzrə ixtisaslaşmış CRS xüsusi polis təyinatlılarının sərəncamına veriləcəyi gözlənilir.