Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları tərəfindən səs qumbaralarının tətbiqi dayandırılıb. Bu qərar, Lans şəhərində polis qumbarasının partlaması nəticəsində 15 yaşlı məktəblinin sol əlini itirməsindən sonra qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes RTL telekanalının efirində müvafiq qərar barədə məlumat verib.
Nazir dünəndən etibarən lisey şagirdlərinin hərəkatı çərçivəsində bu qumbaraların bir daha istifadə olunmamasını tələb etdiyini qeyd edib.
Bildirilir ki, hadisə Pa-de-Kale departamentindəki peşə liseyinin yaxınlığında baş verib. Etiraz aksiyası gedişatında 15 yaşlı məktəbli polis qumbarasının partlaması nəticəsində sol qolundan ağır travma alıb. Bir müddət sonra onun əli amputasiya edilib. Hadisənin təfərrüatı hazırda araşdırılır. İlkin versiyalardan birinə görə, yeniyetmə polisin bundan əvvəl istifadə etdiyi qumbaranı yerdən götürüb. Şahidlər isə sursatın birbaşa məktəblinin əlinə düşə biləcəyini iddia edirlər.
Nunyes bildirib ki, istintaq hadisənin necə baş verdiyini dəqiq müəyyən etməlidir.
Fransanın Sen-Deni kommunasının meri Bali Baqayoko isə Parisdə tələbələrin və şagirdlərin nümayişi zamanı xəsarət alıb. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz tətbiq edib və nəticədə merin gözləri zərər görüb. Baqayoko gənclərin yürüşündə iştirak edirmiş. Qazın təsirinə məruz qaldıqdan sonra onun gözlərinə fizioloji məhlul tökülüb. Baqayoko asayiş keşikçiləri ilə iğtişaşçılar arasında dayanmağa cəhd göstərib. Nümayiş zamanı çıxış edən mer hökumətdən etirazçı şagirdlərin suallarına konkret cavablar verməyi tələb edib və aksiyalarda zorakılığın azaldılmasının vacibliyini vurğulayıb.
Parisdəki nümayiş çox qısa vaxt ərzində polislə toqquşmalara çevrilib. Etirazçılar asayiş keşikçilərinə zibil qutuları, daşlar və fişənglər atıblar, buna cavab olaraq səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edilib. Bir müddət sonra aksiya iştirakçıları mağaza vitrinlərini və ofisləri dağıtmağa başlayıblar.
Qeyd edək ki, fransalı şagirdlərin etirazları sentyabr ayından başlayıb. Məktəblilər həddən artıq yüklənmiş dərs cədvəllərinə, müəllim çatışmazlığına və təhsil sahəsindəki digər qüsurlara qarşı narazılıqlarını bildirirlər. Hakimiyyət orqanları minlərlə insanın saxlanıldığını və yüzlərlə yaralının olduğunu bildirirlər.